16 Haziran 2016 Perşembe

Məlumat

Azərbaycan çox qədim zamanlardan öz təbii sərvətləri ilə dünyanın diqqətini cəlb etmişdir. Zəngin neft və qaz yataqları olan bu torpaqlarda gedən bir çox savaşların da kökündə həmin amil dayanmışdır. Faktlar göstərir ki, ölkə ərazisinin 2/3 hissəsi neft və qazla zəngindir. Ən çox neft və qaz yataqları Abşeron yarımadasında, Xəzər dənizinin şelf zonasında, Bakı və Abşeron arxipelaqlarındadır. Bundan başqa, cənub-şərqi Şirvan, Mərkəzi Aran, Qobustan, Ceyrançöl, Acınohur, Siyəzən zonası da neftlə zəngindir. 
O cümlədən, ölkəmizdə müalicəvi əhəmiyyətli neftin möcüzəsi haqqında da danışmamaq olmaz. Dünyada məşhur olan Naftalan nefti əsasında bir sıra xəstəliklər müalicə edilir. 
Böyük qaz yataqları Qaradağ, Xəzər dənizinin şelf zonası, Bakı və Abşeron arxipelaqında yerləşir. Azərbaycanın Böyük və Kiçik Qafqaz hissəsində filiz yataqları daha çoxdur. Burada dəmir, manqan, titan, xromit, mis, kobalt, polimetal, sürmə, qızıl, gümüş, molibden və s. yataqları mövcuddur. 
Qeyri-filiz faydalı qazıntılardan Qobustan, Abşeron, Tovuz əhəng daşları, Şahtaxtı (Naxçıvan), Kəlbəcər travetin yataqları, Daşkəsən mərməri, Yuxarı Ağcakənd gipsi, Hacıvəli kvars qumları böyük təsərrüfat əhəmiyyətli sərvətlərdir. 
Respublikada müxtəlif kimyəvi tərkibli mineral su ehtiyatları da vardır. Zənginliyinə görə Azərbaycan ərazisi “mineral sular muzeyi” adlandırılır. Kəlbəcər rayonundakı Istisu, Naxçıvandakı Badamlı, Sirab, Vayxır mineral suları respublikamızdan çox-çox uzaqlarda məşhurdur.
Daşduz yataqları Naxçıvan MR-da (Nehrəm, Düzdağ, Pusyan) yerləşir. Yataqlar Miosenin qumdaşı, gil, əhəngdaşı, mergel çöküntülərindədir. Gips, anhidrit yataqları Goranboy rayonunu Yuxarı Ağcakənd və Mənəş kəndləri sahəsində Təbaşir çöküntüləri içərisində hemogen yolla əmələ gəlmiş və ayrı-ayrı ştoklardan ibarət olaraq ümumi ehtiyatları 65-70 mln. ton təşkil edir. 
Tikinti materialları Azərbaycan Respublikası ərazisində çoxdur. Mişar daşı yataqlarının (Qaradağ, Güzdək, Dövlətyarlı, Dilağarda, Şahbulaq, Naftalan, Mərdəkan, Daş Salahlı, Zəyəm və s.) hələlik müəyyən edilmiş sənaye ehtiyatı 295836 min ton, üzlük daşının ehtiyatları (Gülbəxt, Daşkəsən, Şahtaxtı, Gülablı, Musaköy, Söyqlu və s.) 23951 min m3 təşkil edir.
Qaradağ sahəsində sement istehsalına yararlı (Şahqaya əhəngdaşları, Qaradağ gil və s.) xammal yataqları mövcuddur. Kərpic, keramika və qazmada işlənilən çoxsaylı gil yataqları və təzahürləri istismar edilir. Siyəzən rayonu ərazisində ehtiyatı 8,3 min m3 olan flyus və karbid istehsalına yararlı əhəngdaşı yatağı müəyyən edilmişdir. 

Hiç yorum yok:

Yorum Gönder